new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 26 » "Zirə adası"nda xəyallar reallaşacaq Layihənin ilkin dəyəri 4 milyard dollardır
11:53
"Zirə adası"nda xəyallar reallaşacaq Layihənin ilkin dəyəri 4 milyard dollardır



Uzun illərdir xarici investorların diqqətini çəkən Nargin adasında nəhəng turizm layihəsi həyata keçiriləcək. Artıq layihənin reallaşdırılması üzrə bir neçə komponentdən ibarət dizayn proqramları hazırlanır. Bu barədə adanın baş planını hazırlayan danimarkalı mütəxəssislər tərəfdaşları ilə birgə keçirdikləri mətbuat konfransında məlumat verdilər. "Avrosity-holdinq" şirkətinin baş məsləhətçisi Kənan Xudaverdiyev bildirdi ki, baş plan Xəzər dənizində yerləşən və sahəsi 1 milyon kvadratmetr olan Böyük Zirə (Nargin) adasını əhatə edir. Layihə yaşayış kvartalları, mədəniyyət mərkəzləri və asudə vaxt keçirmək üçün obyektləri olan kurort məkanlarının tikintisini nəzərdə tutur. Onun sözlərinə görə, unikal təbii şəraitə malik Zirə adası yeni arxitektura landşaftı kimi dəyərləndirilir. Paytaxt Bakının ayparaşəkilli sahil xəttini formalaşdıran körfəzin hüdudlarında olan "Zirə adası" layihəsi şəhər inkişafı üçün həyat qabiliyyətli model kimi və şəhərin sahil xətti boyunca seyr olunan yaraşıqlı üfüq yaratmaq ideyası ilə Danimarkanın "BİG Architects" şirkəti, "Ramboll" mühəndis şirkəti və "Pihl & Son" tikinti idarə edilməsi üzrə mütəxəssis şirkətlərinin dizaynerləri tərəfindən ərsəyə gəlib.
  
   "BİG - Bjarke İngels Group" şirkətinin beynəlxalq biznes inkişafı üzrə direktoru Kai-Uve Berqmann isə XX əsrin əvvəllərində Nobel qardaşlarının Bakıda çoxlu layihələr həyata keçirdiyini xatırladaraq bu ənənəni davam etdirmək, Nargin adasını dünyanın ən gözəl turizm şəhərciyinə çevirmək istədiklərini bildirdi. Onun sözlərinə görə, layihədə "Yeddi zirvə" konsepsiyası həyata keçiriləcək: "Bu layihənin ideyası xarici mənbələrdən tam sərbəst olan bir ada yaratmaqdır. Ənənəvi Azərbaycan tikinti adətlərini ən yeni texnologiyalarla birləşdirərək "Zirə adası" mənbələrdən minimal dərəcədə istifadə etməklə yüksəksəviyyəli həyat tərzini təmin edəcək və dünyaya yeni imkanlar nümayiş etdirəcək".
  
   Şirkətin rəsmisi onu da bildirdi ki, Abşeron yarımadası güclü enerjisi olan bölgədir və orada elektrik enerjisi istehsal etmək üçün potensial külək var. Onun sözlərinə görə, bu layihə hazırlanarkən əsas qaynaq kimi potensial küləyin daimi olması göstərilib. Elə bu səbəbdən də yeni şəhərcikdə ənənəvi elektrik enerjisindən, təbii qazdan və təbiətə ziyan vura biləcək digər yanacaq növlərindən istifadə olunmayacaq. Küləyin nisbətən az olduğu lokal ərazilərdə isə enerji mənbəyi kimi sudan istifadə ediləcək: "İnanıram ki, yaxın illərdə Bakının özündə də küləkdən əsas enerji mənbəyi kimi istifadə olunacaq. "Zirə adası"nda isə insanlar həm yaşaya biləcək, həm də kənardan gəlib istirahət edə biləcəklər. Biz adada təkcə çoxmərtəbəli binalar tikməyəcəyik, həm də iqlim şəraitinə uyğun ekosistem yaradacağıq" - deyə "BİG - Bjarke İngels Group" şirkətinin rəsmisi bildirdi.
  
   İxtisasca mühəndis olan, "Ramboll" şirkətinin xidmət, tikintilər və dizayn sahəsi üzrə direktoru Lars Ostenfeld Riemann isə bu layihənin reallaşması nəticəsində Azərbaycana yeni sərmayə axınının olacağını, turizmin inkişaf etdirilməsi imkanlarının genişlənəcəyini düşünür. Onun sözlərinə görə, 1 milyon kvadratmetr ərazini əhatə edəcək yeni şəhərcikdə 10 min nəfərin daimi məskunlaşması üçün yaşayış binaları tikiləcək. Bundan başqa, 300-ə qədər mürəkkəb konstruksiyalı lüks villalar inşa ediləcək. Adaya gediş-gəliş isə sərnişin gəmiləri və vertolyot vasitəsilə həyata keçiriləcək.
  
   Danimarkalı mütəxəssislər bildirdilər ki, layihənin ilkin dəyəri təxminən 4 milyard dollardır. 6 - 8 il ərzində həyata keçiriləcək layihənin icrasına yaxın 1 il ərzində başlanması nəzərdə tutulur. Burada 4 və ya 5 ulduzlu mehmanxana kompleksi və mərkəzi park yaradılacaq. Bu parkda Bakının azad edilməsi zamanı Nargin adasında şəhid olmuş türk əsgərlərinin şərəfinə nəhəng abidə kompleksi inşa ediləcək.
  
   Lars Ostenfeld Riemann bildirdi ki, bütün binaların mərkəzi parka çıxışı təmin olunacaq. Ərazinin elektrik enerjisi ilə təminatı üçünsə 16 ədəd külək dəyirmanı tikiləcək. Onun sözlərinə görə, layihədə adanın ərazisində kanalizasiya sularının təmizlənməsi, təmizlənmiş suyun irriqasiya məqsədləri üçün istifadəsi də nəzərdə tutulub. İçməli su üçünsə Xəzər dənizindən istifadə olunacaq. Belə ki, dəniz suyu duzdan təmizlənərək xüsusi texnologiya vasitəsilə yaşayış binalarına, mehmanxana və villalara ötürüləcək.
  
   "Bizim məqsədimiz həm də adanın ərazisində çirklənmənin qarşısını almaqdır. Biz Bakı buxtasındakı ekoloji vəziyyətdən çox narahatıq. Bu layihə ilə Bakı - Xəzər arasında təmiz əlaqə yaratmaq istəyirik. Lakin adanın landşaftı, memarlığı, ekoloji vəziyyəti bir investorun tam şəkildə anlaya biləcəyi iş deyil. Bu işdə dövlət, özəl müəssisələr, xarici investorlar da iştirak etməlidir", - deyə L.O.Riemann bildirdi.
  
   Kai-Uve Berqmann layihənin 6-8 il ərzində tamamlanacağını dedi. O bu müddətdə layihədə hər hansı dəyişikliyin aparılmasının istisna olunmadığını bildirdi. Hazırda isə dizayn sənədləri hazırlanır və yaxın 1 il ərzində tikinti işlərinə başlamaq planlaşdırılır.
  
   Layihənin ilkin məbləği 4 - 4,5 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Lakin gələcəkdə məbləğin dəyişməsi mümkündür. Layihənin mütəxəssisləri maliyyə böhranının işlərə təsir göstərməyəcəyini qeyd etdilər.
  
   Layihə reallaşdıqdan sonra adada tullantılar xüsusi qurğularda utilizasiyadan keçəcək və çirkab sular təmizləndikdən sonra yaşıllıq sahələrinin suvarılmasında istifadə olunacaq.
  
   Xatırladaq ki, "Zirə adası" baş planı bu il fevralın 20-də Danimarkanın Memarlıq Mərkəzinin "Yes is More" adlı ictimai sərgisində nümayiş olunub.


Просмотров: 749 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz